Haqqımızda

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının  binası 1910-1912-ci illərdə “İctimai toplantıların yay binası” proyekti kimi inşa edilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansamblar , orkestrlər və musiqi həvəskarları bu binada toplandı. 1936-ci il mayın 25-də SSRİ-nin (MDB) başqa respublikalarında olduğu kimi Azərbaycanda da Filarmoniya yarandı. 1936-37-ci illərdə binada bərpa işləri görülmüşdür. 1937-ci il avqust ayının 11-də isə Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edildi ki, Əməkdar İncəsənət xadimi Müslüm Maqomedoviç Maqomayevin adını əbədiləşdirməkdən ötrü Azərbaycan Dövlət Akademik Filarmoniyasına bəstəkarın adı verilsin. Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, bu kollektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri, Xalq artisti Rüfət Xəlilzadənin  rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs ansamblı, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti. Azərbaycan Dövlət Akademik Filarmoniyası Respublikanın aparıcı konsert təşkilatıdır. Filarmoniya klassik musiqinin təbliği və təşviqində müstəsna rol oynayır. Öz daxilində fəaliyyət göstərən kollektivlərdən əlavə, burada xarici ölkələrdən gələn məşhur solistlərin çıxışları mütəmadi olaraq təşkil edilir. 2017-ci ildə Filarmoniyaya “Akademik” statusu verilmişdir.