images

Azərbaycan Dövlət Rəqs Ansamblı

Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılmışdır. Bu illər ərzində kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olmuşdur. Ansamblın əməyi sayəsində öz obrazlılığı, rəngərəngliyi, təbiliyi və incəliyi ilə seçilən milli rəqs yaradıcılığı son illər xeyli inkişaf etmiş, xarici ölkələrdə də məşhurlaşmışdır ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanının bütün respublikaları Ansamblın çıxışlarını dəfələrlə yüksək qiymətləndirmiş onun ifasında Azərbaycan rəqs sənətini ən gözəl nümunələri ilə tanış olmuşlar. Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ Xalq artisti, “Şöhrət” ordenli Leyla Vəkilova və Respublikanın Xalq artisti Əlibaba Abdullayev bədii rəhbərlik etmişdirlər. Məhz bu sənətkarların əməyi sayəsində kollektiv öz repertuarını rəngarəng rəqslərlə zənginləşdirmişdir. Təkrarsız Azərbaycan folklorunun qədim xalq oyunlarının, milli rəqslərin, rəqs havalarının öyrənilməsi və təbliği sahəsində ansamblın fəaliyyəti təqdirəlayiqdir. 1982-cü ildən bu günədək Dövlət Rəqs Ansamblına “Şöhrət” ordenli, Azərbaycan Xalq artisti Afaq Məlikova rəhbərlik edir. Böyük təşkilatçılıq bacarığına malik olan A.Məlikova Ansambla rəhbərlik etdiyi müddətdə bütün bilik və bacarığını kollektivin sənət uğurları qazanmasına sərf etmiş, Ansamblın geniş şöhrət tapmasına çalışmışdır. Azərbaycan xalqının mənəvi sərvəti olan milli rəqs yaradıcılığı A.Məlikovanın quruluş verdiyi rəqslərdə öz parlaq ifadəsini tapmış, Afaq xanımı istedadlı xoreoqraf-baletmeyster kimi ölkəmizdən çox-çox uzaqlarda tanıtmışdır. O, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Ansamblın repertuarına Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Eldar Mansurov, Cavanşir Quliyev, rus bəstəkarı İqor Stravinskinin (“Müqəddəs Bahar”) və dünya xalqlarının rəqsləri də daxil edilmişdir, hansılarki öz növbəsində xüsusi diqqəti cəlb edir. Dövlət Rəqs Ansamblı professional kollektivdir. Respublikanın tanınmış rəqs ustaları müxtəlif fəxri adlara layiq görülmüş Nəriman Kərimov, Tamilla Eldarova, Yusif Qasımov, Səbinə Qasımova, Fərman Məmmədov, Cəmilə Bayramova, Xanlar Bəşirov, Sevinc Hüseynli, Zahir Qasımov, Təranə Muradova, Rüfət Xəlilzadə, Elçin Qədimov, Eteri Cəfərova, Nigar Rzayeva, Emin Əliyev və başqaları bu gündə öz doğma kollektivlərində çalışıb və çalışırlar. Ansambl bir çox Beynəlxalq səviyyəli festivalların, Rusiyada, Ukraynada, Gürcüstanda, Türkiyədə, Avstriyada, Almaniyada, Yaponiyada, Misirdə, Qətərdə keçirilən Azərbaycan Mədəniyyət Günlərində, Yaponiya “EXPO-1988”, Almaniya “EXPO-2000” və Çin Xalq Respublikasının Şanxay şəhərində “EXPO-2010” ümumdünya sərgilərində, dövlət səviyyəli iri miqyaslı tədbirlərin iştirakçısı olmuşdur (Olimpiada - 1980). 1979-cu ildə Beynəlxalq Karfaqen Folklor Festivalının qızıl medalına layiq görülmüşdür. Milli mədəniyyətimizin inkişafındakı xidmətlərini nəzərə alaraq Dövlət Rəqs Ansamblına 1991-ci ildə “Əməkdar Kollektiv” fəxri adı verilmişdir