Caz sənətində yeni dünya açan Vaqif Mustafazadəyə həsr olunmuş “Maestroya sevgi ilə” adlı əvəzolunmaz musiqi gecəsi keçiriləcək.

Musiqi tariximizə yazılan bu gecədə V.Mustafazadə ənənələrinin davamçısı sayılan, istedadlı cazmenlər  Xalq artisti Salman Qəmbərov, Əməkdar artistlər Şahin Növrəsli, Emil Əfrasiyab, İsfar Sarabski, Moskva Dövlət Akademik Filarmoniyasının solisti Riad Məmmədov öz təfsirlərində rəngarəng harmoniyalar, müxtəlif yeni səs çalarları, milli üsluba xas xırdalıqlar, muğam və cazın ən yüksək səviyyədə vəhdətini təqdim edəcək. Eyni zamanda Əməkdar artist Ruslan Hüseynov (kontrabas), Elvin Bəşirov və Həsən Bilalov (zərb alətləri), gecənin qonağı Rusiyadan dəvət olunan əfsanəvi caz ifaçısı Yakov Okun dəyərli fikirləri və özünəməxsus improvizəsi ilə musiqi gecəsinə yeni bir rəng qatacaq.

Tədbiri lirik ruhda davam etdirən aparıcı isə Əməkdar artist Firdovsi Atakişiyev olacaq.  

Proqramda  Vaqif Mustafazadə “Muğam”, “Xatirələr” (Səmərqənd Naxışları), “Əzizənin intizarında”, “Bahar”, “Vaqif Mustafazadəyə həsr olunmuş əsər”, “Aman ovçu”, John Coltrane'nin “Giant Steps” və  “Softly as in a morning sunrise” əsərləri səslənəcək.