Haqqımızda

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının  binası 1910-1912-ci illərdə “İctimai toplantıların yay binası” layihəsi kimi inşa edilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansambllar , orkestrlər və musiqi həvəskarları bu binada toplandı. 1936-ci il may ayının 25-də SSRİ-nin (MDB) başqa respublikalarında olduğu kimi Azərbaycanda da Filarmoniya yarandı. 1936-37-ci illərdə binada bərpa işləri görülmüşdür. 1937-ci il avqust ayının 11-də isə Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edildi ki, Əməkdar İncəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayevin adını əbədiləşdirməkdən ötrü Azərbaycan Dövlət Akademik Filarmoniyasına bəstəkarın adı verilsin. Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir:
Azərbaycan Respublikasının Əməkdar artisti, baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti, baş xormeyster Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, baş dirijor Mustafa Aşurovun rəhbərliyi ilə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Dövlət Kamera Orkestri, Xalq artisti, baş baletmeyster Rüfət Xəlilzadənin  rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs ansamblı və Azərbaycan Dövlət Simli Kvarteti. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Respublikanın aparıcı konsert təşkilatıdır. Filarmoniya klassik musiqinin təbliği və təşviqində müstəsna rol oynayır. Öz daxilində fəaliyyət göstərən kollektivlərdən əlavə, burada xarici ölkələrdən gələn məşhur solistlərin çıxışları mütəmadi olaraq təşkil edilir. 2017-ci ildə Filarmoniyaya “Akademik” statusu verilmişdir.