Xəbərlər Xəbərlər
- 28-03-2026
28 mart tarixində “Nəsillərin dialoqu” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.
Tədbirin əvvəlində çıxış üçün səhnəyə Azərbaycan Milli Konservatoriyasının Elm, İnnovasiya və Yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova dəvət olunub. O, layihənin əhəmiyyətindən bəhs edərək, müxtəlif nəsillərin musiqi vasitəsilə bir araya gəlməsinin mədəni irsin qorunması və inkişafında mühüm rol oynadığını vurğulayıb.
Konsert proqramında Azərbaycan Respublikasının Əməkdar artisti Zenfira İsmayılova və Azərbaycan Milli Konservatoriyasının milli vokal ixtisası üzrə tələbələri çıxış ediblər. Onları konsertmeysterlər Vəfa Əzizova və Rəhimə Qurbanova müşayiət ediblər. Gənc ifaçılar Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla təqdim edərək musiqisevərlərin rəğbətini qazanıblar.
Proqramda Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Fikrət Əmirov, kimi Azərbaycan bəstəkarlarının, həmçinin Alessandro Stradella, Jacques Offenbach və Georges Bizet kimi dünya musiqi klassiklərinin yaradıcılığından nümunələr səsləndirilib. Bununla yanaşı, müasir dövrün musiqi nümunələri də proqramda yer alıb.
Layihənin əsas məqsədi müxtəlif nəsilləri bir səhnədə birləşdirərək musiqi ənənələrinin inkişafını təmin etmək, gənc ifaçıların yaradıcılıq potensialını üzə çıxarmaq və milli-mədəni irsi geniş auditoriyaya çatdırmaqdır.
Sonda konsert dinləyicilər tərəfindən alqışlarla qarşılanıb və uğurla başa çatıb.