Xəbərlər Xəbərlər
- 01-04-2024
Filarmoniyanın mart ayında keçirilən abonement konsertləri
2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər mart ayında da davam edib.
Abonement konsertlər 2023-cü ilin noyabr ayından hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunub.
Mart ayının 2-də Azərbaycan Dövlət Fortepiano Triosunun “Musiqidə Romantizm” adlı konserti keçirilib. Solistlər Azərbaycan Respublikasının Əməkdar artistləri Töhfə Babayeva (violin) və Elnarə Kəbirlinskayanın (piano) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
9 mart tarixində F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu (xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelia) Kamera və Orqan Musiqisi Zalının səhnəsində çıxış edib. Solistlər Orxan Əlizadə (tenor), Şahnaz Əliyeva (soprano) və Cavidan İsayevin (tenor) ifasında Azərbaycan bəstəkar və xalq mahnıları səslənib.
Mart ayının 16-da Cadenza Contemporary Orchestra (bədii rəhbər Türkər Qasımzadə) rəngarəng proqram ilə dinləyicilərin qarşısında çıxış edib.
30 mart tarixində Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) ifasında Azərbaycan xalq mahnıları səslənib.
Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.