Xəbərlər Xəbərlər
- 24-03-2025
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində növbəti ustad dərs keçirilmişdir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihələr sırasında xarici ölkələrdən dəvət olunmuş musiqiçilərin konsert proqramları ilə çıxış etməklə yanaşı, ustad dərslərinin də keçirilməsi artıq ənənə halını almışdır. Mark Drobinskiy (cello), Roman Fedçuk (violin), Əvəz Abdulla (bariton), Anar Bramo (violin) kimi musiqiçilər tərəfindən ustad dərsləri keçirilmişdir.
24 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində növbəti ustad dərs tanınmış klavesin və orqan ifaçısı Leonard Schick (Almaniya) tərəfindən keçirilmişdir. İstedadlı ifaçı Schick İsveçrə, Almaniya, Fransa, Hollandiya, İtaliya,Venesiya, Portuqaliya, Belçika, Sloveniya və Finlandiyada böyük məharətlə çıxış edərək konsertlər vermiş, eyni zamanda Venesiya Konservatoriyasında ustad dərsləri keçmişdir. Uzun illər B.Erben, R.Alpermann, G.Kallweit, S.Mayın rəhbərliyi ilə Alman Gənclər Orkestrində iştirak etmişdir. O, qədim üslublara əsaslanaraq improvizələr edir.
L.Schick ustad dərsində gənc musiqiçilərin ifaçılıq və yaradıcılıq bacarıqlarını daha da təkmilləşdirmək məqsədilə öz fikir və məsləhətlərini bölüşərək onlara bu yolda öz töhfəsini vermişdir.O, klavesin və orqan ifaçılıq mədəniyyətini nəzəri və təcrübi aspektdən ətraflı izah etdi.Ustad dərsdə orqan ifaçıları Nigar Məmmədova, Səbinə Orucova, Nərmin Rzayeva (piano), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Elçin Məmmədov, Fidan İbrahimova çıxış etdilər. Leonard Schick hər bir ifaçının çıxışını diqqətlə dinləyərək, barokko musiqisinə xas oratorluq cizgiləri, parlaq musiqi ifadəliliyi, dinamizm və geniş məna kəsb edən təzadlıq ilə bağlı əsas məqamlara toxunaraq, qiymətli məsləhətlər verdi. İfaçılar isə gənc ustadın tövsiyələrini böyük şövqlə qəbul edərək, öz inkişafları üçün yeni biliklər əldə etdilər.
Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə keçirilən bu cür ustad dərslər gənc ifaçıların inkişafında, yaradıcılıq imkanlarının genişlənməsində mühüm rol oynayır.