Xəbərlər Xəbərlər
- 07-03-2026
Görkəmli fransız bəstəkarı Maurice Ravel-in anadan olmasının 150 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olundu
7 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının görkəmli fransız bəstəkarı Maurice Ravel-in anadan olmasının 150 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olundu. Musiqi gecəsində bəstəkarın müxtəlif janrları əhatə edən əsərləri səsləndirildi və dinləyicilər Ravel yaradıcılığının incə, rəngarəng musiqi dünyasına səyahət etdilər.
Konsert proqramı çərçivəsində təqdim olunan musiqi nömrələri ilə yanaşı, “University Foundation Courses” təhsil mərkəzinin fransız dili istiqaməti üzrə təhsil alan tələbələrinin çıxışları da dinləyicilərə təqdim olundu.
Solistlər Fəqan Həsənli (piano), Mehriban Süleymanova (piano), Şəhla Əlizadə (arfa), Nərgiz Əliyeva (fleyta), Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Zərif Kərimova (piano), Nərgiz Kəngərli (piano), İbrahim Nağıyev (violonçel), Sura Rüfət (violin, konsertmeyster Svetlana Əhmədova) bir-birindən fərqli əsərlərlə gecəni yaddaqalan edib.
Konsert proqramında ilk olaraq “Əkslər” silsiləsindən “Gecə kəpənəkləri”, “İnfantanın ölümünə yazılan Pavana”, “Ma Mère l’Oye”, violin və piano üçün Sonata №1 (a-moll), “İspan rapsodiyası”ndan “Gecə prelüdü” və “Habanera”, “Vokaliz-etüd”, “Qaraçı rapsodiyası”, “Əkslər” silsiləsindən “Okeanda qayıq” səsləndi.
Konsert musiqisevərlərə Maurice Ravel yaradıcılığının zərif üslubunu, impressionist çalarlarını və zəngin musiqi palitrasını bir daha yaxından hiss etmək imkanı yaratdı.