Xəbərlər Xəbərlər
- 11-03-2026
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.
Əyyub Quliyevin dirijorluğu ilə keçirilən konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, klassik və caz üslubunun sintezi tamaşaçılara maraqlı və rəngarəng musiqi axşamı bəxş edib. Gecənin solisti Emil Əfrasiyab (piano) olub.
Gecənin proqramı G.Gershwin-in “Laylay” əsəri ilə açılıb. Simli orkestr üçün işləməsi Rustam Abyazova məxsus olan bu əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra M.Ravel-in “Uşaqlar və möcüzələr” baletindən “Fokstrot” səsləndirilib. Qeyd edək ki, bu əsər Bakıda ilk dəfə ifa olunub. Konsert proqramında həmçinin S.Sirotinin “Gerşvinin əsərləri əsasında Fantaziya” əsəri də yer alıb və bu kompozisiya da paytaxt dinləyicilərinə ilk dəfə təqdim edilib.
Gecənin əsas hissələrindən biri Vaqif Mustafazadənin piano və orkestr üçün konserti, “Mart” əsəri səslənib. Konsertdə həmçinin Samir Cəfərov, Aytac Şıxəlizadə, Ramil Qasımov və Səməd Novruzov da solist qismində iştirak ediblər. Bundan əlavə, konsertdə Jazz Trio da çıxış edib. Proqramın bu hissəsində də caz elementləri xüsusi yer tutub və müşayiət Emil Əfrasiyab tərəfindən həyata keçirilib.
Konsert tamaşaçılara klassik musiqi ilə caz üslubunun vəhdətini təqdim edərək yaddaqalan musiqi axşamı kimi yadda qalıb.