images

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ilin yanvar ayının 2-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində yaradılmışdır. Orkestr yarandığı gündən bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, beynəlxalq festivallarda uğurlar qazanmışdır. Belə ki, 2004, 2005 və 2010-cu illərdə İran İslam Respublikasının Tehran şəhərində keçirilən XIX, XX və XXV “Fəcr” Beynəlxalq Musiqi Festivallarında üç dəfə ən yüksək “Qızıl Çəng” mükafatına layiq görülmüşdür. 2005-ci ildə ABŞ-ın səs yazma şirkəti tərəfindən orkestrin ifası kompakt diskə köçürülüb. 2007-ci ildə Azərbaycan Respublikasının Belarusiya və Moldova Respublikalarında, 2008-ci ildə Tacikistan Respublikasında və 2009-cu ildə Ukrayna Respublikasında keçirilən mədəniyyət və incəsənət günlərində orkestr tamaşaçıların böyük rəğbətini qazanmışdır. Bu illər ərzində mütəmadi olaraq Bəstəkarlar İttifaqının keçirdiyi plenumlarda bəstəkarların orkestr üçün yazdığı yeni əsərləri ifa olunmuşdur. Yarandığı gündən orkestrin baş dirijoru, Respublikanın Xalq Artisti, professor Ağaverdi Paşayev olmuşdur. 
2026-cı ildən etibarən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin direktoru və baş dirijoru Mustafa Aşurovdur. Hazırda orkestr M.Aşurovun rəhbərliyi ilə zəngin yaradıcılıq fəaliyyəti göstərir, yeni konsert proqramları ilə dinləyicilərin qarşısında müntəzəm çıxış edir.