images

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. 1992-ci ilə qədər orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan SSRİ Xalq artisti Nazim Rzayev olmuşdur. Orkestr fəaliyyətə başladığı ilk günlərdən respublikadakı aparıcı kollektivlər arasında layiqli yer tutaraq bir sıra xarici  ölkələrdə - Rusiya, Çexoslovakiya, Polşa, Tunis, Bosniya və Hersoqovina, Türkiyədə qastrol səfərlərində olmuş, böyük müvəffəqiyyətlə çıxış edərək Azərbaycanı təmsil etmişdir. 1992-1995-ci illərdə orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycanın Xalq artisti Ramiz Məlik- Aslanov olmuşdur. Onun rəhbərliyi altında orkestr Almaniyada parlaq konsert proqramı ilə çıxış etmişdir. 1995-ci ildən 1997-ci ilə qədər orkestrin bədii rəhbər və baş dirijoru Xalq artisti Yaşar İmanov olub. 1998-ci ildən 2018-ci ilədək isə orkestrə Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayev rəhbərlik edirdi. 
   1998-ci ilin iyulunda orkestr Azərbaycan musiqi mədəniyyətini Londonda müvəffəqiyyətlə təmsil etmiş və həmin ilin sentyabr ayında isə Parisdə Qara Qarayevin 80 illik yubileyinə həsr olunmuş konsert ilə çıxış edərək, böyük uğur qazanmışdır. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri dəfələrlə Moskva və Sankt-Peterburqda Festivalda, Türkiyədə "Barokko musiqisi" Festivalında (2000-2003), Hannoverdə “EXPO-2000” Ümumdünya Festivalında, 2001-ci ildə Strasburqda Azərbaycanın Avropa Şurasına qəbul olunması münasibətilə konsert proqramı ilə çıxış etmişdir. 2001-ci və 2002-ci illərdə Avstriyada, 2004-cü ildə Gürcüstanda, “EXPO-2005”-ci ildə Yaponiyanın Naqoya şəhərində, Misirdə, 2006-cı ildə Belorusiyada, 2007-2008-ci illərdə Cənubi Koreyada, Almaniyada, Fransada, 2009-cu ildə İsveçrədə, 2010-cu ildə Misirdə konsertlər vermişdir. 2011-ci ilin may ayında Pekin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində, həmin ilin iyul ayında Fransada “Ramatuel” Beynəlxalq Klassik Musiqi Festivalında çıxış etmişdir. 2011-ci ilin fevral ayında Orkestr Parisdə “Qavo" Konsert Zalında, sentyabr ayında Berlində, dekabr ayında isə Roma şəhərində Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş konsertdə böyük məharətlə ifa etmişlər. 2012-ci ilin iyun ayında Orkestr Türkiyənin Ankara və İzmir şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində böyük uğurla konsert vermişlər. Eyni zamanda Mədəniyyət Nazirliyinin layihələri çərçivəsində Kamera Orkestri ilə digər dirijorlar - Səlim Akçil (Türkiyə), Hakan Şensoy (Türkiyə), Simon Camartin (İsveçrə), Fabien Teerikson (Fransa), Vladimir Runçak (Ukrayna), Ricardo Averbach (ABŞ), Vladislav Bulaxov (Rusiya), Roland Freizitser (Avstriya), Aleksandr İvaşkin (İngiltərə); M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyanın öz təşəbbüsüylə isə Jong - hun Bae ( Koreya), Maela Raoult ( Fransa) və başqaları çıxış etmişlər.
2007-ci ildə Azərbaycan klassik musiqisinin dünyada təbliğinə görə “Humay” Milli Mükafatına layiq görülmüşdür. 
2018-ci ildən etibarən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimovdur. Orkestrin direktoru isə 2025-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyevadır.