Azərbaycan Dövlət Xor Kapellası
Azərbaycan Dövlət Xor Kapellası Respublikanın ən qədim yaradıcı kollektivlərindən biridir. Hələ 1926-cı ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən çoxsəsli xor yaradılmasına cəhd göstərilmişdir. Nəhayət, 1966-cı ildə Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Xor Kapellası yarandı. Bu Kapellanın ilk bədii rəhbəri və baş dirijoru əməkdar incəsənət xadimi Eduard Novruzov olub. Kapellanın ifaçılıq sənəti milli musiqimizin ənənələrinə əsaslanır.Onların arasında xalq mahnıları, Azərbaycan bəstəkarlarının orijinal əsərləri, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də vardır. 1996-cı ildən Kapellanın baş xormeysteri Respublikanın əməkdar incəsənət xadimi, Xalq artisti, “Şöhrət” ordenli Gülbacı İmanovadır. G.İmanovanın fəaliyyəti dövründə Kapelanın repertuarına J.S.Bach, W.A.Mozart, G.Verdi, C.Orff, İ.Stravinski, V.Adıgözəlov, M.Quliyevin və başqa bəstəkarların böyük xor əsərləri daxil edilmişdir.Bu gün Azərbaycan Dövlət Xor Kapellası ölkənin musiqi həyatında mühüm yer tutaraq milli və dünya musiqi irsinin təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir. Kollektiv respublika və beynəlxalq əhəmiyyətli layihələrdə, festivallarda və konsert proqramlarında fəal iştirak edir, yüksək ifaçılıq mədəniyyəti və zəngin repertuarı ilə dinləyicilərin rəğbətini qazanır.