.jpg)
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində önəmli rolu olan Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, 1920-ci ilin iyul ayında təşkil olunmuş və təcrübəli mütəxəssis M.İ.Çernyaxovski orkestrin ilk dirijoru təyin edilmişdir. Ötən əsrin 20-30-cu illərindən Böyük Vətən müharibəsinə qədər orkestrlə O.Klemperer (Almaniya), R.Baton (Fransa), F.Stiedry (Avstriya), Q.Mravinski, N .Qolovanov, A.Qauk, A.Pavlov-Arbenin və S.Stolerman (Rusiya) kimi bir sıra dünya şöhrətli dirijorlar çıxış etmişdir. 1938-ci ildə orkestr yenidən təşkil olunur. Bu zaman Ü.Hacıbəylinin təşəbbüsü ilə məşhur mütəxəssis, Moskva Konservatoriyasının professoru N.P.Anosov baş dirijor vəzifəsinə dəvət edilir. 1945-1948-ci illərdə isə Moskva Konservatoriyasının professoru L.M.Ginzburq simfonik orkestrin baş dirijoru vəzifəsində çalışmışdır. 1948-ci ildən orkestrə SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi rəhbərlik etməyə başlayır. Həmin vəzifədə, o, qısa fasilələrlə 1948-ci ildən ömrünün sonunadək fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrındakı 16 illik uğurlu fəaliyyətindən sonra (1984-1990-cı illər və 1998-ci ildən bu günədək) Simfonik Orkestrin baş dirijoru vəzifəsinə Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev təyin olunur.1992-1998-ci illərdə Yalçın Adıgözəlov orkestrin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərmişdir. Orkestr R.Abdullayevin rəhbərlik etdiyi illərdə Q.Qarayev, F.Əmirov, C.Hacıyev, C.Cahangirov, A.Rzayev, A.Məlikov, M.Mirzəyev, V.Adıgözəlov, A.Əlizadə, M.Quliyev, F.Qarayev, A.Dadaşov və bir sıra Azərbaycan bəstəkarlarının əsərlərini ilk dəfə olaraq səsləndirmişdir. ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, Misir, Türkiyə kimi xarici ölkələrdə uğurla çıxış etmişdir. Orkestr onun təsis etdiyi “XX yüzilliyin musiqisi” və hər il keçirilən Beynəlxalq Rostropoviç Fesivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, 2009 və 2012-ci illərdə Bakı Beynəlxalq Caz Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsi, Beynəlxalq Muğam Festivallarının fəal iştirakçısıdır. 2007-2008-ci illərdə kollektiv İtaliyada keçirilən yay Festivallarında uğurla çıxış etmişdir. 2012-ci il oktyabr ayında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Fransanın Orchestre Colonne (Kolon orkestri) ilə birgə Parisin məşhur Salle Pleyel zalında Azərbaycan və Fransa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişdir.
2022-ci ilin noyabr ayında Parisdə, YUNESKO-nun mənzil-qərargahında görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilmişdir. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri isə tədbirin layiqli iştirakçısı olmuşdur. 2023-cü ilin may ayından etibarən orkestrin bədii rəhbəri və baş dirijoru vəzifəsinə Azərbaycan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Fuad İbrahimov təyin edilmişdir.