images

Azərbaycan Dövlət Rəqs Ansamblı

Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılmışdır. Bu illər ərzində kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olmuşdur. Ansamblın əməyi sayəsində öz obrazlılığı, rəngərəngliyi, təbiiliyi və incəliyi ilə seçilən milli rəqs yaradıcılığı son illər xeyli inkişaf etmiş, xarici ölkələrdə də məşhurlaşmışdır. ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Neapol, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanının bütün respublikaları ansamblın çıxışlarını dəfələrlə yüksək qiymətləndirmiş və onların ifasında Azərbaycan rəqs sənətinin ən gözəl nümunələri ilə tanış olmuşlar. Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ Xalq artisti, “Şöhrət” ordenli Leyla Vəkilova və Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Abdullayev rəhbərlik etmişdirlər. Məhz bu sənətkarların əməyi sayəsində kollektiv öz repertuarını rəngarəng rəqslərlə zənginləşdirmişdir. Azərbaycan qədim xalq mahnılarının və milli rəqslərin öyrənilməsi, təbliği sahəsində ansamblın fəaliyyəti təqdirəlayiqdir. 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblına Respublikamızın Xalq artisti, “Şöhrət” ordenli Afaq Məlikova rəhbərlik etmişdir. Böyük təşkilatçılıq bacarığına malik olan A.Məlikova ansambla rəhbərlik etdiyi müddətdə bütün bilik və bacarığını kollektivin sənət uğurları qazanmasına sərf etmiş, ansamblın geniş şöhrət tapmasına çalışmışdır. Azərbaycan xalqının mənəvi sərvəti olan milli rəqs yaradıcılığı A.Məlikovanın quruluş verdiyi rəqslərdə öz parlaq ifadəsini tapmış, Afaq xanımı istedadlı xoreoqraf-baletmeyster kimi ölkəmizdən çox-çox uzaqlarda tanıtmışdır. O, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Ansamblın repertuarı Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Eldar Mansurov, Cavanşir Quliyev, rus və dünya xalqlarının rəqslərindən ibarətdir, hansı ki, öz növbəsində xüsusi diqqəti cəlb edir. 
Azərbaycan Dövlət Rəqs Ansamblı professional kollektivdir. Ansambl bir çox Beynəlxalq səviyyəli festivalların, Rusiyada, Ukraynada, Gürcüstanda, Türkiyədə, Avstriyada, Almaniyada, Yaponiyada, Misirdə, Qətərdə keçirilən Azərbaycan Mədəniyyət Günlərində, Yaponiya “EXPO-1988”, Almaniya “EXPO-2000” və Çin Xalq Respublikasının Şanxay şəhərində “EXPO-2010” ümumdünya sərgilərində, dövlət səviyyəli iri miqyaslı tədbirlərin iştirakçısı olmuşdur (Olimpiada - 1980). Ansambl 1979-cu ildə Beynəlxalq Karfaqen Folklor Festivalının qızıl medalına layiq görülmüşdür. 2021-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblının baş baletmeysteri, Xalq artisti Rüfət Xəlilzadədir.