images

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı 1936-cı ildə Azərbaycan klassik musiqisinin banisi Ü.Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə dahi Ü.Hacıbəyli ilə yanaşı Azərbaycanın tanınmış bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli sənətkarlar yetişib.
1959-cu ilin iyul ayında Ansambla "Əməkdar Kollektiv" fəxri adı verilmişdir. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2019-cu ildən etibarən ansamblın quruluşçu baletmeysteri Azərbaycan Respublikasının Əməkdar artisti Ceyhun Qubadovdur.
Qeyd edək ki, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Azərbaycanın hüdudlarından kənarda da (Amerika, Fransa, Italiya, Almaniya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və s.) konsertlər vermiş və vətənimizi uğurla təmsil etmişdir. Ansamblın nəzdində Xalq Çalğı Alətləri Orkestri və xor qrupu da fəaliyyət göstərir.