Azərbaycan Dövlət Simli Kvarteti
Filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Bu kvartetin ilk ifaçıları Azərbaycan Respublikasının Xalq artisti Uran Seyidov (I violin), Əməkdar artist Vasif Cəfərov (II violin), Rauf Kərimov (viola) və Xalq artisti Rasim Abdullayev (violonçel) olmuşdur. Uzun illər ərzində kvartetin tərkibində bir çox istedadlı ifaçılar fəaliyyət göstərib. Onların sırasında Soltan Məmmədova (violin) və Ceyla Seyidova (violin) kimi ifaçıların adları da çəkilməlidi. Hal-hazırda Azərbaycan Dövlət Simli kvartetinin tərkibi Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Azərbaycan Respublikasının əməkdar artistləri Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi ifaçılardan ibarətdir.
Kvartetin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik və çağdaş əsərləri ilə zəngindir.
Kvartetin hər bir peşəkar üzvü yüksək, bədii zövqə malikdir və özlərinə böyük tələbkarlıqla yanaşırlar.
Simli Kvartet hələ 1998-ci ilin sentyabrında Parisdə UNESCO xətti ilə keçirilən görkəmli bəstəkar Qara Qarayevə həsr edilən konsertdə, 2000-ci ildə İstanbul şəhərində Cəmil Rəşid Rey konsert salonunda uğurla çıxış edərək vətənimizi təmsil etmişlər.
Hal-hazırda isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycanın müxtəlif guşələrində keçirilən tədbirlərdə Azərbaycan Dövlət Simli Kvarteti böyük şövq və məharətlə ifa edirlər.