Bakı Dövlət Kamera Orkestri
Bakı Dövlət Kamera Orkestri 2011-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə yaradılmışdır. 2011-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində gənclər kamera orkestri kimi fəaliyyətə başlayıb. Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli, dirijoru Əməkdar artist Fuad İbrahimov, direktoru isə Xalq artisti Yeganə Axundovadır. Azərbaycanın bir çox tanınmış dirijorları və solistləri ilə çoxsaylı mötəbər konsert salonlarında çıxış edən orkestr beynəlxalq festivallarda, səfirliklərin təşkil etdiyi tədbirlərdə Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramları təqdim etmişdir. ABŞ, Almaniya, İtaliya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Fransa, Belçika və digər ölkələrdəki beynəlxalq tədbirlərdə G.Kremer, D.Sitkovetski və başqa görkəmli musiqiçilərlə birgə çıxış etmişdir. Eyni zamanda 2017-ci ildə UNESCO-nun Parisdəki baş qərargahında almanların Cənubi Qafqaza gəlişinin 200 illiyinə və 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə orkestrin uğurlu iştirakı mütləq vurğulanmalıdır. Bakı Kamera Orkestri Heydər Əliyev Fondunun Azərbaycan musiqi mədəniyyətinin təbliği ilə bağlı layihələri çərçivəsində Fransanın Bordo və Müluz şəhərlərində keçirilən “İpək” və “Alov” beynəlxalq festivalında, Yeni Münhen Filarmoniyasının beynəlxalq orkestri tərkibində Almaniyanın bir sıra şəhərlərində böyük konsert proqramı ilə çıxış etmişdir. Qeyd edək ki, Bakı Kamera Orkestri uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin fəxri fərmanı, Mədəniyyət Nazirliyinin “Mədəni irsin təbliğində fəal iştirakına görə” fəxri fərmanı, həmçinin “Humay” milli mükafatı ilə təltif edilib. Orkestr 2011-ci ildən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərir. 2025-ci il Azərbaycan Respublikası Mədəniyət Nazirliyinin müvafiq əmrinə əsasən orkestr dövlət statusu alaraq, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tərkibinə verilmişdir. 2025-ci ildən etibarən Bakı Dövlət Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi olaraq öz yaradıcı fəaliyyətlərinə uğurla davam edir.