Xəbərlər Xəbərlər
- 16-05-2023
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin olunan Respublikamızın Əməkdar artisti Fuad İbrahimov Filarmoniyanın kollektivinə təqdim olundu.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin əmrinə əsasən, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin olunan Respublikamızın Əməkdar artisti Fuad İbrahimov 16 may 2023 –cü il tarixində Filarmoniyanın kollektivinə təqdim olundu.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov nazir Adil Kərimlinin müvafiq əmrinə əsasən bədii rəhbər və baş dirijor vəzifəsinə təyin olunmuş Fuad İbrahimovu kollektivə təqdim etdi. Mədəniyyət nazirinin müavini Murad Hüseynov Fuad İbrahimovu təbrik edib, onun yaradıcı fəaliyyətini yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzu edib. Filarmoniya kollektivi təqdimatı alqışlarla qarşılayıb.
Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə 40 ildən artıq bədii rəhbərlik və dirijorluq etmiş, Azərbaycan bəstəkarlarının sonsuz sayda simfonik əsərlərinin ilk təfsirini ərsəyə gətirən görkəmli şəxsiyyət Rauf Abdullayev öz yaradıcılıq fəaliyyətinin sonlandırması haqqında danışıb.
R.Abdullayev çıxışında sənət fəaliyyətinin 40 ilinin məhz bu doğma kollektivlə ilə bağlı olduğunu dedi, Azərbaycan dirijorluq məktəbinin layiqli davamçılarının uğurlu işlərə imza atacağına əminliyini ifadə edib.
15 yaşından bu kollektivdə çalışmış, ilk addımlarını Rauf Abdullayevin dəstəyi ilə atmış Fuad İbrahimov bu önəmli günündə də maestronun onun yanında olduğunu qeyd edərək hər zamankı kimi gənc nəslə diqqət və qayğısını əsirgəmədiyini vurğulayıb.
Fuad İbrahimov göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirib.