Xəbərlər Xəbərlər
- 20-04-2024
“Fərəc Qarayevin portreti” adlı layihə
20-24 aprel tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 80 illik yubileyinə həsr olunan “Fərəc Qarayevin portreti” adlı layihə həyata keçiriləcək.
Layihə çərçivəsində aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fərəc Qarayevin bədii rəhbərliyi ilə tərtib olunmuş “Homage a FQ” adlı konsert proqramı təqdim olunub.
Öncəliklə Əməkdar İncəsənət xadimi, musiqişünas, professor Zümrüd Dadaşzadə bəstəkarın həyat və yaradıcılığı, layihənin özəlliyi haqda dinləyicilərə geniş məlumat verib.
Daha sonra dirijor Orxan Həşimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və solistlər Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor) və Eldəniz Ələkbərzadə (piano) çıxış edəcəklər. Musiqi axşamında Fərəc Qarayev, İsmayıl Hacıbəyov, Qustav Maler, Moris Ravel və Con Tavenerin əsərləri ifa olunub.