Xəbərlər Xəbərlər
- 11-05-2024
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı
11-13 may tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçirilib. Bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutub.
Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçirilib.
Festival mayın 13-də Laçın şəhərində davam edib. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunub.
Festival çərçivəsində keçirilən konsertlərdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivləri – Azərbaycan Dövlət Xor Kapellası və Azərbaycan Dövlət Rəqs Ansamblı iştirak ediblər.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin ilin may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.
Vətən müharibəsindəki tarixi Zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.