Xəbərlər Xəbərlər
- 08-07-2024
XIII “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı
????Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin bədii rəhbəri olduğu “İpək Yolu” festivalı hər yay qədim diyarımız Şəkidə musiqi bayramı kimi keçirilir. Bu illər ərzində ümumilikdə 35 ölkədən musiqiçilər öz çıxışları ilə “İpək Yolu”nda iz qoyub.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu dəfə də festival zəngin proqramı ilə sənətsevərlərə musiqi ziyafəti bəxş edib.
5-7 iyul tarixlərində keçirilən festivalda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivləri iştirak edib. Beləliklə, festivalın təntənəli bağlanış mərasimində Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xüsusi repertuarla çıxış edib. Bu il 100 illik yubileyləri qeyd olunan unudulmaz bəstəkarlarımız Şəfiqə Axundova və Süleyman Ələsgərovun əsərlərindən ibarət musiqi çələngi təqdim edilib.
Əməkdar artistlər Almaz Orucova, Çinarə Heydərova, Xəyyam Məmmədov, solistlər - Səbinə Ərəbli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Zabitə Alıyeva, Sərxan Bünyadzadə, Taleh Yəhyayev, Tahir Əmrəhov eləcə də Əməkdar artist Ceyhun Qubadovun rəhbərliyi ilə rəqs kollektivi tamaşaçılara musiqi zövqü aşıladılar.