Xəbərlər Xəbərlər
- 20-09-2024
Üzeyir Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Fəsillər" konsert layihəsi
20 sentyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Fəsillər” konsert layihəsi keçirilib.
Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər Ciotsna Şrikant (violin,Hindistan) və Şadrak Solomon (piano, Hindistan), Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Zərrin Əliyeva və Rövşən Əmrahov öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Robert Volkmann Simli orkestr üçün serenada, op. 62, Antonio Vivaldi “İlin fəsilləri” silsiləsindən “Yay”, Klod Debüssi “Estamplar” süitasından “Yağış altında bağlar”, “Uşaq güşəsi” silsiləsindən “Rəqs edən qar dənəcikləri” (İsao Tomita tərəfindən elektron aranjimanda), Xədicə Zeynalova “Payız çalarları”, Astor Piazzola “Buenos Ayresin dörd fəsli” silsiləsindən “Qış” və “Raqa fəsilləri” səslənib.