Xəbərlər Xəbərlər
- 28-09-2024
Üzeyir Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert keçirilib
28 sentyabr tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən Nyu-York şəhərində keçirilmiş IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçirilib. Öncəliklə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin münsiflər heyətinin üzvü Cəlal Abbasov konsert haqqında öz fikirlərini dinləyicilərlə bölüşüb.
Musiqili gecədə Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu (xormeyster Naala Baratelia), konsertmeystrlər Fərdin İlham Məmmədzadə (piano), Xəyyam Məmmədov (kamança), Emin Eminli (tar), Tofiq Cabbarovun (nağara) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova (soprano), Vəfa Vəzirova (xanəndə), Aytən Cavadova (piano), Orxan Əlizadə (xanəndə), Aytən Şahbazlı (piano) və Cadenza Orkestrinin artistləri (bədii rəhbər Türkər Qasımzadə) - Məhəmmədəli Paşazadə (klarnet), Afaq Qarayeva (piano), Georgi İmanov (cello), Nadir Eyvazov (violin), Aynur Əhədova (violin), İlqar Rzayev (viola), Asim Xəlilov (cello) öz ifalarını musiqisevərlərə çatdırıb.
Proqramda Hacıbaba Əliyev 2 prelüd, Xan Şuşinski “Şuşanın dağları”, Azərbaycan xalq mahnısı “Sarı gəlin” (piano üçün işləyəni müsabiqənin fəxri diplomu ilə təltif olunmuş Rüfət Xəlilov), Bayatı-Şiraz təsnifləri, IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin birinci yer laureatı Kian Ravaei (ABŞ) “Sarı gəlin və çöl ağacı çiçəyi”, ikinci yer laureatı Ceyhun Allahverdiyev “Rəqs fantaziya”, üçüncü yer laureatı Xuanxo Villarroya Qrau (İspaniya) “Sevgilimin bağçası” və Azərbaycan xalq mahnıları səslənib.