Xəbərlər Xəbərlər
- 15-12-2024
Caz sənətində yeni dünya açan Vaqif Mustafazadəyə həsr olunmuş “Maestroya sevgi ilə” adlı əvəzolunmaz musiqi gecəsi keçirilib.
15 Dekabr V.Mustafazadə adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində Caz sənətində yeni dünya açan Vaqif Mustafazadəyə həsr olunmuş “Maestroya sevgi ilə” adlı əvəzolunmaz musiqi gecəsi keçirildi.
Musiqi tariximizə yazılan bu gecədə V.Mustafazadə ənənələrinin davamçısı sayılan, istedadlı cazmenlər Xalq artisti Salman Qəmbərov, Əməkdar artistlər Şahin Növrəsli, Emil Əfrasiyab, İsfar Sarabski, Moskva Dövlət Akademik Filarmoniyasının solisti Riad Məmmədov öz təfsirlərində rəngarəng harmoniyalar, müxtəlif yeni səs çalarları, milli üsluba xas xırdalıqlar, muğam və cazın ən yüksək səviyyədə vəhdətini təqdim etdilər. Bəstəkarın ruhuna xas olan coşqu və eyni zamanda lirik, nəcib hislər musiqi dili ilə ard-arda növbələşirdi. Eyni zamanda Əməkdar artist Ruslan Hüseynov (kontrabas), Elvin Bəşirov və Həsən Bilalov (zərb alətləri), gecənin qonağı Rusiyadan dəvət olunan əfsanəvi caz ifaçısı Yakov Okun dəyərli fikirləri və özünəməxsus improvizəsi ilə musiqi gecəsinə yeni bir rəng qatdı.
Tədbiri lirik ruhda davam etdirən aparıcı isə Əməkdar artist Firdovsi Atakişiyev idi. Proqramında Vaqif Mustafazadə “Muğam”, “Xatirələr” (Səmərqənd Naxışları), “Əzizənin intizarında”, “Bahar”, “Vaqif Mustafazadəyə həsr olunmuş əsər”, “Aman ovçu”, John Coltrane'nin “Giant Steps” və “Softly as in a morning sunrise” əsərləri səsləndi.