Xəbərlər Xəbərlər
- 20-06-2026
Polşa bəstəkarı , Frederic Chopin musiqisinə həsr olunmuş mükəmməl konsert baş tutub.
20 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dünya şöhrətli Polşa bəstəkarı , Frederic Chopin musiqisinə həsr olunmuş mükəmməl konsert baş tutub.
Beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov virtuoz ifası ilə musiqisevərləri heyran qoyub. Daha sonra beynəlxalq müsabiqələr laureatı Ümidə Abasova (violin) Vurğun Vəkilovun müşayiəti ilə 1 saylı mazurka B-dur (op.7) və 2 saylı noktürnü Es-dur (op.9) ifa edib. F.Chopin musiqisinin akustik baxımdan yeni səpkidə təqdimatı dinləyicilərin marağına səbəb olub.
Proqramda pianoçu Vurğun Vəkilov “Grande valse brilliante” Es-dur (op.18), 3 saylı As-dur, (op.64), 2 saylı cis-moll (op.64) valsları, Ekspromt-fantaziya cis-moll (op.66), 3 saylı cis-moll (op.63), 4 saylı a-moll (op.67), 2 saylı sonata b-moll (op.35, I hissə Grave - Doppio movimento), 4 saylı e-moll, 7 saylı A-dur, 20 saylı c-moll (op.28) prelüdlərini və sonda isə 12 saylı c-moll etüdünü (op.25) ifa edib. Sonda isə solist gur alqışlarla səhnəyə qayıdaraq, 20 saylı noktürn cis-moll ifa etmiş və musiqisevərlərin ruhunu oxşayaraq konserti yekunlaşdırmışdır.
Qeyd edək ki, bu il "pianonun şairi" və bu musiqinin görkəmli nümayəndəsi - Frederic Chopin` in 215 illik yubileyi tamam olur. F.Chopin musiqisi dünyanın hər yerində səslənir və dinləyicilərin qəlbini fəth etməyə davam edir…