Xəbərlər Xəbərlər
- 22-09-2025
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli və türk dünyasının musiqisi” adlı konsert proqramı baş tutub.
22 sentyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli və türk dünyasının musiqisi” adlı konsert proqramı baş tutub.
Tədbirin əvvəlində akademik Rafael Hüseynov çıxışında bildirib ki, Üzeyir Hacıbəylinin zəngin mədəni irsi və yaradıcılığı ilə türk xalqlarının musiqisinin ortaq dəyərlərinin bu gün də mədəniyyətimizdə olan böyük rolundan danışıb.
Qazaxıstan Respublilasının Milli Akademik Simfonik Orkestrinin baş dirijoru, beynəlxalq müsabiqələr laureatı, əməkdar incəsənət xadimi Kanat Omarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə Əməkdar artist Ramil Qasımov və Nigar Əsgərova, Aləm İsayev (bağlama), Artur Qaysarov (kuray, Başqırdıstan) dinləyicilər qarşısında çıxış edib. Kuray, bağlama və simfonik orkestrin birgə ifasında səslənən əsərlər gecəni daha yadda qalan edib.
Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra, Faiq Sücəddinov “Rekviem – Üzeyir ulduzu”, M.Maqomayev “Radio marşı” ilə yanaşı, həmçinin türkdilli ölkələrdən Ravshan Nepesovun (Türkmənistan) “Vrata”, Balasagun Musayevin (Qırğızıstan) “Koş kəyyık”, Leyla İsmaqilovanın (Başqırdıstan) “Sirlər”, Raşid Kalimullinin (Tatarıstan) “Novruz rəqsi” kimi əsərləri də təqdim olunub.
Musiqili gecədə milli musiqimizlə türk dünyasının musiqi ornamentlərinin vəhdəti dinləyicilərin zövqünü oxşayıb.