Xəbərlər Xəbərlər
- 08-11-2025
Zəfər Gününün 5 illiyinə həsr olunmuş yubiley konserti keçirilib.
8 noyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Zəfər Gününün 5 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. Bu əlamətdar tədbir Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Konsert proqramında Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri səsləndirildi. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) dinləyicilərə yüksək bədii zövq bəxş etdilər.
Proqram Ceyhun Allahverdiyevin "Qələbə" uvertürası ilə açıldı və Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır”, Rauf Əliyevin “Şuşaya aparan yollar”, Niyazinin “Türk marşı”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Çənlibel xoru ilə davam etdi. Ardınca Eldar Mansurovun “Ulu torpaq”, Faiq Sücəddinovun “Zəfər” simfonik poeması və Cavanşir Quliyevin “Əsgər marşı” kimi əsərlər ifa olundu. Solistlər Tural Ağasıyev (tenor) və Nigar Əsgərova (soprano) öz məharətli çıxışları ilə tamaşaçıların alqışını qazandılar.
Bu konsert yalnız musiqi bayramı deyil, həm də qəhrəmanlıq, torpağa bağlılıq və qürur hissinin musiqi ilə ifadəsinə çevrildi