Xəbərlər Xəbərlər
- 03-12-2025
Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş konsert proqramı böyük ehtiram və yüksək sənət ovqatı ilə təqdim olundu.
Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenlərinin laureatı, görkəmli bəstəkar Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş konsert proqramı böyük ehtiram və yüksək sənət ovqatı ilə təqdim olundu. Tədbirin əvvəlində filologiya elmləri doktoru, professor, akademik Rafael Hüseynov, Naxçıvan Muxtar Respublikasının Bakıda nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, musiqişünas Günay Məmmədova çıxış edərək bəstəkarın milli musiqi irsimizdəki əhəmiyyətindən söz açdılar.
Ağaverdi Paşayevin rəhbərliyi, eləcə də İlahə Hüseynova və Elman Əliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlər - Səbinə Əlizadə, Gülnaz İsmayılova, Talıb İsgəndərli, Şahnaz Əliyeva, Fikrət Məmmədov, Cavid Hüseynli, Ruzə İbişova, Almaz Orucova, Nuriyyə Hüseynova, Fəxri Kazım-Nicat, Leyla Dadaşova və Gülüstan Əliyevanın iştirakı ilə olduqca zəngin proqram dinləyicilərə təqdim olundu. Konsert Tofiq Bakıxanovun “Naxçıvan” simfoniettasının III hissəsi olan “Cəngi” ilə açıldı. Ardınca “Gözəlliklər nəğməkarı, “Arpaçay”, “Səbr eylə”, “Nurlu Naxçıvan, “Yadıma düşdü”, “Min bir kəlam kimi əsərlər səsləndi.
Bu musiqili gecə Tofiq Bakıxanovun zəngin yaradıcılığının müxtəlif çalarlarını dinləyicilərə nümayiş etdirdi. Bəstəkarın 95 illik yubileyinə həsr edilmiş bu konsert proqramı onun irsinə dərin ehtiramın ifadəsi olaraq böyük coşqu ilə yekunlaşdı və sənətsevərlərin yaddaşında unudulmaz musiqi gecəsi kimi qaldı.