Xəbərlər Xəbərlər
- 14-01-2026
J.S.Bach-ın zəngin yaradıcılığına həsr olunmuş möhtəşəm musiqi gecəsi dinləyicilərə unudulmaz anlar yaşatdı.
14 yanvar tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi alman bəstəkarı J.S.Bach-ın zəngin yaradıcılığına həsr olunmuş möhtəşəm musiqi gecəsi dinləyicilərə unudulmaz anlar yaşatdı.
Konsertdə dirijor Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etdi.
Proqram orkestr üçün 3 nömrəli süitadan “Ariya” ilə açıldı. Ardınca klavesin və orkestr üçün yazılmış f-moll konserti ifa olundu. Bu əsərdə solist İrina Mehdiyeva (klavesin) çıxış edərək dinləyicilərin böyük rəğbətini qazandı.
Musiqili gecənin davamında iki fleyta, violin və orkestr üçün 4 nömrəli Brandenburq konserti səsləndi. Solistlər – Mirxalid Məmmədzadə (fleyta), Kamran Talıblı (fleyta) və Səid Məmmədov (violin) yüksək peşəkarlıq nümayiş etdirdilər.
Həmçinin iki violin və orkestr üçün d-moll konsert ifa olundu. Bu əsərdə solistlər Zərifə Alxazova və Kənan Məmmədzadə dinamik və ahəngdar ifaları ilə seçildilər.
J.S.Bach yaradıcılığının zərifliyini əks etdirən növbəti əsər - 2 nömrəli orkestr süitasından “Menuet” və “Badinerie” pyeslərini solist Mirxalid Məmmədzadə ifa etdi.
Musiqi gecəsi üç violin və orkestr üçün D-dur konserti ilə yekunlaşdı. Solistlər – Yuliya Motorina, Nadir Eyvazov və Səid Məmmədovun parlaq çıxışı konsertin kulminasiya nöqtəsinə çevrildi.