Xəbərlər Xəbərlər
- 04-07-2023
Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyul ayının 3-də başlanan Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.
Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş mahnı və rəqs ansambllarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
İyulun 7-də “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Konsertdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev) tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.
Konsert Vasif Adıgözəlovun “Vətən süitası” ilə başlayıb. Xalq artisti Gülyaz Məmmədovanın, Əməkdar artist Ehtiram Hüseynovun, solistlər Sərxan Bünyadzadə, Vəfa Vəzirova, Samir Piriyev, Taleh Yahyayev və Nurlana Abdullayevanın, kamança ifaçısı Əməkdar artist Xəyyam Məmmədovun təqdim etdikləri bəstəkar və xalq mahnıları, rəqqasların şux və oynaq rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə minnətdarlığını bildirib.
Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə xatirə hədiyyələri təqdim olunub.
“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.