Xəbərlər Xəbərlər
- 26-12-2023
Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert
Dekabr ayının 26-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Ləman Seyidova (piano), Aytac Kara (violin), Camalə Abdinzadə (piano) və Səxavət Məmmədov (tqr) çıxış ediblər.
Solistlər dinləyicilərə F.Əmirovun Violin, piano və orkestr üçün İkili Konserti, F.Mendelsshonun Piano və orkestr üçün 1 nömrəli Konserti (g-moll, op.25), H.Xanməmmədovun Tar və orkestr üçün 2 nömrəli Konserti təqdim ediblər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.