Xəbərlər Xəbərlər
- 18-09-2024
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış konserti
18 sentyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış konserti keçirilib. Öncəliklə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin Müavini Səadət Yusifova festival çərçivəsində keçirilən konsertlər haqda musiqisevərlərə məlumat verib.
Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano) və Mahir Tağızadə (bariton) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Firuzə” operasından Firuzənin ariyası, xor və orkestr üçün “Bahar nəğməsi”, bariton, xor və orkestr üçün “Kantata” (Nizaminin 800 illiyinə həsr olunub), “Milli marş”, Süleyman Ələsgərovun səs və orkestr üçün “Eşq olsun sənətkara” balladası, Musa Mirzəyevin “Böyük ustada ithaf” poeması, İsmayıl Hacıbəyovun piano və orkestr üçün “Cəngi” rapsodiyası, Ərtoğrol Cavidin Üzeyir bəyə ithaf olunmuş 9 variasiya (orkestr üçün işlənməsi: Ayaz Qəmbərli, ilk ifa), Fikrət Əmirovun “Üzeyir Hacıbəyliyə ithaf”, Vasif Allahverdiyevin “Aşıqsayağı” (əsər Ü.Hacıbəyliyə həsr olunub) və Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi səslənib.