Xəbərlər Xəbərlər
- 01-10-2023
27-30 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Qori şəhərində Beynəlxalq Xor Festivalında Azərbaycan Dövlət Xor Kapellasının iştirakı
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xor Kapellası nəinki ölkəmizdə, hətta ölkəmizin hüdudlarından kənarda da tanınır və sevilir. Kapella mütəmadi olaraq keçirilən dövlət əhəmiyyətli tədbirlərin iştirakçısıdır. Azərbaycan musiqi mədəniyyətinin təbliğində Kapellanın rolu böyük və əvəzsizdir.
27-30 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Qori şəhərində Beynəlxalq Xor Festivalı keçirilmişdir. Bu mötəbər musiqi festivalına Azərbaycan Dövlət Xor Kapellası dəvət olunmuşdur.
Xor Kapellasının bədii rəhbər və baş dirijoru, Azərbaycan Respublikasını Xalq artisti Gülbacı İmanova bu mədəni hadisə ilə bağlı öz təəssüratlarını bölüşüb:
"Bizə xoşdur ki, Azərbaycan mədəniyyətini artıq hər yerdə tanınır. Bu, prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın düzgün siyasəti nəticədədir. Bir çox ölkələrdə “Azərbaycan Mədəniyyəti Günləri” təşkil olunur. Ölkəmizdə beynəlxalq səviyyəli müsabiqələr, festivallar keçirilir. Azərbaycana gələn əcnəbilər ilk növbədə Filarmoniyanı ziyarət edir, əsərlərimizi dinləyir və azərbaycanlıların nə qədər yüksək mədəniyyətli millət olduğunu başa düşürlər.
27-30 sentyabr tarixlərində Azərbaycan Dövlət Xor Kapellası Gürcüstanın Qori şəhərində keçirilən Beynəlxalq Xor Festivalında uğurla çıxış edib. Burad müxtəlif ölkələrdən xor qrupları iştirak edirdi: Gürcüstan Dövlət xoru, Abxaziya Milli Xoru, Qori Qadınlar Xoru və s.
Kapellamız fərqli bir proqram nümayiş etdirdi. Biz həm xarici, həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişik ki, bu da xüsusi bacarıq və peşəkarlıq tələb edir. Bir konsert daxilində bir-birindən üslub cəhətdən fərqli olan müxtəlif kompozisiyalar ifa etmək çox çətindir. Qalan kollektivlər yalnız öz milli musiqisini ifa edirdilər. Bu cür festivallar kollektivimizə təcrübə mübadiləsi aparmağa, yeni musiqi ilə tanış olmağa, digər xorlarla tərəfdaşlıq qurmağa imkan verir.
Xor kapellamız ilk dəfə 1996-cı ildə Qori şəhərində olub. Bundan sonra festivalın keçirilməsi dayandırıldı. Bu qədər müddətdən sonra təşkilatçılar onu bərpa etmək qərarına gəldilər və bizi 2016-cı ildən bəri iştirak etməyə dəvət etdilər. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Festivalda dünya şöhrətli musiqişünaslar, müxtəlif ölkələrin səfirləri, eləcə də, Avropa festivallarının təşkilatçıları qonaq qismində iştirak ediblər. Kollektivimiz hamının diqqətini çəkdi. Tamaşaçıların reaksiyası fantastik idi. Kollektivimizin çıxışı gürultulu alqışlarla qarşılanırdı. Gürcülər bizi çox isti qəbul etdilər və musiqimizə növbəti dəfə heyran oldular. Festivalda gözəl çıxışımıza görə bizi diplomla təltif etdilər.”
Qeyd edək ki, Azərbaycan Dövlət Xor Kapellası 1926-cı ildə Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyli tərəfindən çoxsəsli xor, 1966-cı ildə isə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Xor Kapellası yaranmışdır. Yarandığı vaxtdan uzun illər boyu kollektivə Əməkdar İncəsənət xadimi, xormeyster Eduard Novruzov rəhbərlik etmişdir. Kapellanın repertuarında 1000-dən çox əsər var. Xor kapellası dəfələrlə Azərbaycan musiqisini ölkəmizin sərhədlərindən kənarda təbliğ etmiş, bir çox festivallar, dekadalar, mədəniyyət günlərinin iştirakçısı olmuşdur (Türkiyə, Rusiya, Ukrayna, Fransa, Almaniya, İspaniya, Gürcüstan).
1996-cı ilin fevral ayından Kapellanın bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, professor, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor dirijorluğu kafedrasının müdiri Gülbacı İmanovadır.