Xəbərlər Xəbərlər
- 20-12-2022
Filarmoniya maarifləndirici konsertlər silsiləsini davam etdirir
Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestri və Bakı Kamera Orkestrinin konserti keçirilmişdir.
Filarmoniyanın gündüz konsertləri çərçivəsində təşkil olunan tədbirin qonaqları İ.
M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professor-
müəllim heyəti və tələbələri olmuşdur.
Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə SSRİ Xalq artisti Fərhad
Bədəlbəyli və Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə
İ.S.Bax - İki piano və orkestr üçün Konsert C-dur, Y.Haydn - Piano və orkestr
üçün Konsert D-dur, op.21 №11, S.Raxmaninov - İki piano və orkestr üçün Süita,
op.17 №2 (II.Vals, III.Romans, IV.Tarantella) dinləyicilərə təqdim etmişlər.
Y.Haydnın Re Major konsertinin Azərbaycan Respublikasının Xalq Artisti Murad
Adıgözəlzadə tərəfindən ifası və eyni zamanda azərbaycan fortepiano məktəbinin
görkəmli nümayəndəsi Fərhad Bədəlbəylinin dirijor kimi tamaşaçılar qarşısında
çıxış etməsi dinləyicilər üçün xoş sürpriz olmuşdur.
Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır. Qeyd
edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasının keçirdiyi gündüz konsertləri əsasən tələbələr üçün nəzərdə
tutulmuşdur. Onları ziyarət edərək müxtəlif ali təhsil müəssisələrinin tələbələri
klassik musiqi ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Bu konsertlər
gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında, milli dəyərlərimizin
qorunmasında böyük rol oynayır.