Xəbərlər Xəbərlər
- 13-02-2024
"Makam Müziğinde Çeşitlemeler" adlı ”Duo Allaturca İmpro Piano” (Türkiyə) qrupunun konserti
13 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Makam Müziğinde Çeşitlemeler" adlı ”Duo Allaturca İmpro Piano” (Türkiyə) qrupunun konserti keçirilib.
Solistlər Cemile Cabbar (piano) və Nihat Demirkol (piano) öz ifalarını dinləyicilərə təqdim ediblər. Konsertdə Türk makam musiqisi və Azərbaycan mahnıları səslənib.
Solistlər musiqili axşam haqqında öz təəssüratlarının bölüşdülər.
Cemile Cabbar: “Mən Bakıda dünyaya gəlmişəm. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirmişəm. Daha sonra təhsilimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam etmişəm. Mən çox xoşbəxtəm ki, Dilarə Mirzəquliyeva, Oktay Abbasquliyev kimi peşəkar müəllimlərlə, dahi pianoçular Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadədən dərs almışam. Doktorluq dissertasiya işimi burada müdafiyə etmişəm. Gənc yaşlarımdan Azərbaycan SSR Xalq artisti Xuraman Qasımovanın sinfində və Xalq artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi Azərbaydan Dövlət Xor Kapellasında konsertmeyter kimi fəaliyyət göstərmişəm. Buna görə də Filarmoniya səhnəsi mənim üçün doğmadır. Hətta müsabiqələrin birində birinci yeri Filarmoniyanın səhnəsində qazamnışam. 20 il sonra məni İzmir Opera və Balet teatrına dəvət etdilər və mən ifaçılıq fəaliyyətimi İzmirdə davam etdim. 6 ay olar ki, məni Ankara Dövlət Opera və Balet teatrına dəvət ediblər və mən artıq Ankarada işə davam edirəm. Türkiyədə mən ailə həyatı qurdum, bir oğlum var. Oda pianoda ifa etməyi sevir və müsabiqələr laureatıdır. Əlbəttə mənim üçün bu gün çox əlamətdar bir gündür. 20 ildən sonra yenidən Filarmoniya səhnəsində olmaq ayrı bir həyəcandır. Mən çox həyəcanlıyam və eyni zamanda burda olmağımdan çox qürur duyuram. Bu gün gözəl bir axşamdır, və mən əminəm ki, dinləyicilər bizim ifamızdan çox böyük zövq alacaqlar. Mənim üçün bu tarix unudulmaz olacaq. Təşkilatçilara, başda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru , Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə olmaqla dərin təşəkkürümü bildirəm”.
Nihat Demirkol: “Cemile Cabbarla bərabər iki il əvvəl ”Duo Allaturca Impro Piano” qrupunu yaradmışıq. Bu layihə bir növ ilkdir. Makam musiqisini ifa etdiyimiz zaman, qarşımızda not olmasına baxmayaraq, ifamızın 70%-i improvizasiyadır. Bu mənim Bakıya dördüncü səfərimdir. İkinci dəfədir ki, konsertdə ifa edirəm. İlk dəfə gələndə Türkiyənin Azərbaycandakı Səfirliyində ifa etmişdim, amma Bakının simvollarından biri olan Filarmoniyanın səhnəsində Azərbaycan əsilli bir pianoçu ilə bərabər bir səhnədə yer almaq xüsusi bir zövqdür. Bu layihə 2 hissədən ibarət idi. Öncəliklə 36-cı İzmir festivalında Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş festivalın bağlanış konsertində ifa etdik. İkinci hissəsi isə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert Bakıda planlaşdırılırdı. Bu gündə onu yerinə yetirmiş olduq. Bakıda olduğumuza və musiqisevərlərlə görüşümüzə çox şadıq. Biz yenə gələcəyik və yeni ifalarımızla qardaş ölkənin dinləyicilərini sevindirəcəyik”.