Xəbərlər Xəbərlər
- 30-12-2022
Filarmoniyanın dekabr ayında keçirilmiş abonement konsertləri
2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertləri dekabr ayında da davam etdirilib. Dekabrın 3-də Kamera və Orqan Musiqi zalının səhnəsində F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor Qrupu (Bədii rəhbər- Xalq artisti Ağaverdi Paşayev, xormeyster- Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, ansamblın rəhbəri- Əməkdar artist Fuad Haciyev) ilə “Ötən illərin xatirəsi” adlı konsertlə dinləyicilərin qarşısında çıxış edib.
Dekabrın 10-da Azərbaycan Dövlət Fortepiano Triosunun ifasında klassik musiqidə Rəqs janrını tərənnüm edən əsərlər səslənib. Konsertə xüsusi rəng qatan rəqslər Əməkdar artistləri Yuri Loboçov, Nigar Rzayeva, Ülvi Əliəhmədli (Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri Əməkdar artist Ceyhun Qubadov) tərəfindən izləyicilərə təqdim edilib.
17 dekabr tarixində Azərbaycan Dövlət Simli Kvartetin ifasında xarici bəstəkarlardan ibarət konsert keçirilib. Solistlər Əməkdar artistləri Samirə Aşumova (piano) və Ceyla Seyidova (violin) tamaşaçıların qarşında çıxış ediblər. Proqramda Luici Bokkerinin 1 nömrəli Kvarteti, Astor Piazzollanın “Oblivion”, “Adious Nonino”, “Café 1930”, Tofiq Quliyevin “Bəxtiyar” k\f-dən “Qızıl üzük”, “Sənə də qalmaz” mahnısı, Fikrət Əmirovun “Sevgi rəqsi” səslənib.
Dekabr 24-də ayın son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram hazırlayıb, onlara maarifləndirici məlumatlar verib.
Qeyd edək ki, abonement konsertləri 2023-cü ilin yanvar ayında hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək. Konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.